Xəbərlər

Ədliyyə Akademiyasında 20 Yanvar Faciəsinin 32-ci İldönümü ilə Bağli Videoformatda Tədbir Keçirilib

2022-01-27

 Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 32  il ötür.Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirərək, həmin ağır günlərdə  xalqımıza qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini, şəhid ailələri və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.Daha sonra Akademiyanin Konstitusiya və inzibati hüquq kafedrasının baş müəllimi Faiq Qurbanov həmin dövrdə Bakıda törədilən faciəli hadisələr haqqında çıxış edib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. O, həmçinin vurğulayıb ki, 20 Yanvar hadisələrinə Qarabağ hadisələri, erməni separatizmi ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Belə ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Çıxışdan sonra tədbir müzakirələrlə davam etdirilib. Müzakirələr zamanı əməkdaşlar hadisənin cinayət hüquqi aspektdə qiymətləndirilməsi barədə fikirlər səsləndiriblər. Tədbir iştirakçıları tərəfindən qeyd edilib ki, tarix boyu ağır sınaqlardan keçmiş Azərbaycan xalqına qarşı tarixin müəyyən mərhələlərində qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilib. 20 Yanvar hadisələri də özündən sonra baş verəcək daha faciəvi hadisələrin, bir növ başlanğıcı olub. Belə ki, bu hadisələrdən sonra başlayan və 30 ilə yaxın davam etmiş hərbi təcavüz nəticəsində 23 000-dən çox azərbaycanlı həyatını itirib, 50 000 insan yaralanmış və ya əlil olub, 4 000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir. Lakin ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin uzaqgörən və əzmli siyasətlərinin nəticəsində 2020-ci ildə ölkəmizə qarşı yönəlmiş növbəti hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan 44 günlük Vətən Müharibəsinin yekununda Azərbaycanın şanlı ordusu Zəfər qazanaraq, Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilib, soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib.Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısa sənədli filmin nümayişi həyata keçirilib.Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi,  bu tarixi gün barədə  həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığı qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib. 

           

Ədliyyə Akademiyası