Xəbərlər

Ədliyyə Akademiyasının Fəaliyyətinin Təkmilləşdirilməsi Üzrə Tədbirlər Görülür

2022-02-07

 Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Ədliyyə Akademiyasında bu sahədə görülən işlərə və qarşıda duran vəzifələrə dair videoformatda müşavirə keçirilib. Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmizin bu gün özünün qüdrətli dövrünü yaşadığını, azad edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb. Torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmiz üçün yeni imkanlar yaratdığı bildirilərək tarixi Zəfərimizin, ölkəmizin həqiqətlərinin, Qarabağın dirçəlişi ilə bağlı görülən tədbirlərin təbliği, tədris və maarifləndirmə sahəsində fəal iş aparılmasının əhəmiyyəti qeyd olunub.Tədbirdə Akademiyanın bu sahədə fəaliyyətinə toxunularaq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və törətdiyi müharibə cinayətlərinə, ölkəmizin əks-hücum əməliyyatlarının beynəlxalq hüquqi tərəflərinə və ermənilərin transmilli cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə məsələlərinə dair elmi tədqiqatların aparıldığı bildirilib.Eyni zamanda vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə daim xüsusi həssaslıqla yanaşılaraq ötən il Ədliyyə Akademiyası tərəfindən 300-dən çox müraciətə baxılıb və əhaliyə müxtəlif, o cümlədən sosial, məşğulluq və digər məsələlərlə bağlı pulsuz hüquqi yardım göstərilib. Bu zaman pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi nəzərə alınaraq müasir İKT-lərin imkanlarından geniş istifadə olunduğu, həmçinin bu işə yüksək ixtisaslı vəkillərin, könüllü tələbələrin cəlb edildiyi qeyd olunub. Müşavirədə həmçinin, geniş dinləyici auditoriyasına malik olan Akademiya tərəfindən müxtəlif kateqoriyadan olan hüquqşünasların hazırlanması və ixtisasının artırılması, tədrisi və təlimi üzrə tədbirlərin davam etdirildiyi bildirilib, bu zaman peşəkar təlimçilərin hazırlanması və təlimlərə beynəlxalq ekspertlərin cəlb olunması, video-konfrans vasitəsilə distant formada treninqlərin təşkilinə xüsusi önəm verildiyi vurğulanıb. Qeyd olunub ki, 2021-ci ildə 7.000-ə yaxın ədliyyə işçiləri, hakimlər, vəkillər, mediatorlar və digər hüquqşünaslar, bu orqanlarda çalışmaq istəyən namizədlər icbari təlim, ixtisasartırma və peşə hazırlığı kurslarına cəlb olunublar.Bununla yanaşı, Akademiyanın xarici dövlətlərlə beynəlxalq əlaqələri genişlənərək, Türkiyə Ədliyyə Akademiyası ilə Anlaşma Memorandumu imzalanıb, Avropa Şurası və Avropa İttifaqı ilə birgə məhkəmə sisteminin səmərəliliyinin artırılması, mediasiya və digər sahələrdə mühüm layihələr təşviq edilib.Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, Akademiyanın fəaliyyətində müasir innovasiyaların geniş tətbiqi, təlim materiallarının dinləyicilərə əlçatanlığının artırılması, tədris proqramlarına daha aktual və praktikadan irəli gələn mövzuların daxil edilməsi, kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müəyyən edilib.Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərinə uyğun işin qurulması, icra intizamına, etik davranış qaydalarına dönmədən əməl olunması barədə nazirliyin rəhbərliyinin tapşırıqları diqqətə çatdırılıb, elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, tədris tədbirlərinin və əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı və digər göstərişlər verilib.

 

Ədliyyə Akademiyasının məlumatı