Xəbərlər

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCİTRAL) barədə təqdimata dair vebinar keçirilib

2022-02-24

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrə əlavə dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCİTRAL) barədə təqdimat” mövzusunda beynəlxalq ekspertlər, təşkilatın və Azərbaycan Respublikasının müxtəlif dövlət və qeyri-dövlət nümayəndələrinin iştirakı ilə vebinar keçirilib. Tədbirə moderatorluq edən beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Patrisiya Şonessi açılış nitqi edərək UNCİTRAL-ın beynəlxalq ticarət hüququ sahəsində rolu və onun fəaliyyəti barədə məlumat veriblər.  Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov, açılış nitqi ilə çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb, Layihənin müxtəlif komponentləri üzrə Ədliyyə Akademiyası tərəfindən görülən işlərdən bəhs edib.  Daha sonra UNCİTRAL Katibliyinin Texniki Yardım Şöbəsinin Rəhbəri və Baş Hüquq İşçisi Karolin Nikolas,  UNCİTRAL –ın təsis edilmə səbəbləri, ticarət hüququnun uyğunlaşdırılmasının faydaları, UNCİTRAL-ın müxtəlif mətn formaları və onların əhatə sahələrinə dair təqdimatla çıxış edib. UNCİTRAL Asiya və Sakit Okean Regional Mərkəzi rəhbəri  Athita Komindr, öz təqdimatında UNCİTRAL mətnlərinin praktikada istifadəsi, bu istifadə üzrə dövlətlərə texniki yardım və potensialın gücləndirilməsi, UNCİTRAL Asiya və Sakit Okean Regional Mərkəzin fəaliyyəti barədə məlumat verib. Daha sonra UNCİTRAL Katibliyinin Hüquq işçiləri Luca Castellani, Judith Knieper, Marianela Bruno Pollero, Miriana Belhadj UNCİTRAL-ın müxtəlif mətnlərinin təfsiri üzrə təqdimatlar edərək, bu sahədə məhkəmə təcrübəsi, CLOUT və Şəffaflıq reyestri, tranzaksiya nöqteyi-nəzərindən beynəlxalq ticarət hüququ çərçivəsinin elementləri , malların beynəlxalq satışı, elektron ticarət üçün müqavilələr və beynəlxalq ticarət mübahisələrinin həlli mövzularında çıxışlar ediblər. Daha sonra daxili qanunvericilik bazası baxımından kommersiya hüququnun elementləri, kiçik biznesin yaradılması (SME/KOB müflisləşməsi), dövlət satınalmaları, kredit əldə etmək və müflisləşmə mətnləri barədə iştirakçılara məlumat verilib və UNCİTRAL-ın fəaliyyəti barədə müzakirələr aparılıb. Yekunda ekspertlər tərəfindən Azərbaycanın “Rəqəmsal ticarət” sahəsində regionda daha aktiv olduğu, onun öz təcrübəsi ilə UNCİTRAL-ın fəaliyyətində yeni standartların tətbiqinə töhfə verə biləcəyi dilə gətirilib.

 

Ədliyyə Akademiyası