Xəbərlər

“Qadınların Ədalət Mühakiməsinə Çıxışı” Üzrə HELP Kursunun Videokonfrans Formatda Açılış Tədbiri Keçirilib

2022-03-01

 

“Qadınların Ədalət Mühakiməsinə Çıxışı” Üzrə HELP Kursunun Videokonfrans Formatda Açılış Tədbiri Keçirilib

 

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində “Qadınların ədalət mühakiməsinə çıxışı” HELP kursunun distant formada açılış tədbiri keçirilib. Açılış tədbirində Avropa Şurası və Avropa İttifaqının nümayəndələri, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, həmçinin distant HELP kursuna cəlb ediləcək hakimlər, prokurorlar və vəkillər iştirak edib. Tədbirdə açılış nitqi ilə çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes, Avropa Şurasının HELP proqramının 47 üzv dövlətin insan hüquqlarının tədrisində, o cümlədən hakimlərin, vəkillərin və prokurorların gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməsində əsas maarifləndirici alət olduğunu bildirib. Azərbaycanlı hüquqşünasların insan hüquqlarının tədrisində HELP proqramına böyük marağını ifadə edən Səfir qeyd edib ki, birbaşa insan hüquqlarının keşiyində duran praktik hüquqşünaslar, habelə hüquqları pozulmuş qurbanlar bu cür keyfiyyətli tədrisdən faydalanmalıdırlar.  Açılış tədbirində iştirak edən, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Siyasi bölməsinin rəhbəri Maykl Fenn, “Qanunun aliliyi” prinsipinə əsaslanan insan hüquqlarının üzv dövlətlər tərəfindən təmin edilməsinin və bu sahədə maarifləndirmənin əsas alətlərdən biri olduğunu vurğulayıb.  Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul işçisi Məryəm Hacı-İsmayılova açılış nitqində, qadınların insan hüquqlarının müdafiəsində həssaslığını, gender cəhətdən həssas yanaşma və gender stereotiplərinin qarşısının alınmasında bu kursun tədrisinin əhəmiyyətli olduğunu dilə gətirib.   Ədliyyə Akademiyasının əməkdaşı, HELP milli tyutoru Günel Sadıqova, açılış nitqi ilə çıxış edərək Avropa Şurası ilə əməkdaşlığın vacibliyini, insan hüquqlarının tədrisinin hüquq mütəxəssisləri üçün əhəmiyyətini qeyd edib, əməkdaşlıq çərçivəsində insan hüquqlarına dair mövzuların Ədliyyə Akademiyasında müxtəlif qruplara tədrisi, HELP proqramının təşviqi və “Qadınların ədalət mühakiməsinə çıxışı” mövzusunun tədrisi üzrə Ədliyyə Akademiyası tərəfindən görülən işlər barədə məlumat verib. Daha sonra, “HELP proqramına qısa baxış” mövzusunda təqdimat edən Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin rəhbəri Eva Pastrana,  HELP Proqramı çərçivəsində Avropa Konvensiyası barədə çoxşaxəli tədris resurslarının, materialların hazırlandığını, bu resursların üzv ölkələrin dillərinə tərcümə olunduğunu və onları onlayn əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Hazırda 40 HELP fərdi kurslarından ibarət kataloqun mövcudluğu, HELP-in təşviqində Azərbaycanın üzv dövlətlər arasında ön sıralarda olduğunu qeyd edən ekspert, azərbaycan dilində mövcud olan HELP kurslarından bəhs edib. Avropa Şurasının Gender bərabərliyi bölməsinin layihə meneceri Anka Sandeskyu, “Qadınların ədalət mühakiməsinə çıxışı” HELP kursunu iştirakçılara təqdim edərək, qadınların ədalət mühakiməsinə çıxışına maneələr, avropa və beynəlxalq hüquqi baza, cinsi və gender əsaslı ayrı-seçkiliyin qadağan olunması, gender stereotiplərinə yol verilməməsi və hüquq təcrübəsinə gender cəhətdən həssas yanaşma modullarının strukturu barədə məlumat verib. Tədbirin “dəyirmi masa” hissəsində 1 ay müddətində HELP kursuna tyutorluq edəcək milli təlimçi Günel Sadıqova kursun strukturu, müddəti və naviqasiyası barədə məlumat verib və iştirakçıların təqdimatları və kursdan gözləntiləri barədə müzakirələr aparılıb.


 


 

Ədliyyə Akademiyası