Xəbərlər

Ədliyyə Nazirliyi Adın, Ata Adının Və Soyadın Dəyişdirilməsi İlə Bağlı Növbəti Onlayn Brifinq Keçirib

2022-03-02

Ədliyyə Nazirliyi Adın, Ata Adının Və Soyadın Dəyişdirilməsi İlə Bağlı Növbəti Onlayn Brifinq Keçirib

 

Bakı, 1 mart, AZƏRTAC. Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi feysbuk səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir. AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində martın 1-də Ədliyyə Nazirliyi tərəfindən onlayn qaydada adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi mövzusunda növbəti canlı yayım təşkil edilib. Onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli və Xətai Rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova bu barədə ictimaiyyətə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin bərpasından indaiyədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. Son iki ayda isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. On səkkiz yaşına çatmış hər bir Azərbaycan vətəndaşı adını, soyadını dəyişdirə bilər. Ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 2346 nəfərin ad, ata adı və soyadının dəyişdirilməsi ilə bağlı müraciəti təmin olunub. Onlayn brifinqdə xaricdə verilmiş doğum haqqında şəhadətnamədə ad, soyad və ata adının dəyişdirilməsi qaydası da açıqlanıb. Qeyd edilib ki, əgər şəxs Azərbaycan vətəndaşıdırsa, yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. Şəxsin doğumu qeydiyyata alındığı müvafiq ölkəyə onun doğumu haqqında akt qeydinin istənilməsi ilə bağlı müvafiq sorğu göndərilir. Sorğuya əsasən, akt qeydi əldə olunduqdan sonra dəyişiklik aparılır. Dəyişiklik edilməsi barədə xarici ölkəyə müvafiq bildiriş göndərilir. Diqqətə çatdırılıb ki, vətəndaşlar övladlarına bir çox hallarda xarici teleseriallardakı adları da qoyurlar. Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələr də var. Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər. Ədliyyə Nazirliyi tərəfindən nəşr olunmuş “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” və “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” bütün qeydiyyat şöbələrinə və yerli icra hakimiyyəti nümayəndəliklərinə paylanıb. Vətəndaşlar nazirliyin elektron xidmətləri vasitəsilə də adlarla bağlı ətraflı məlumat ala bilərlər. Vurğulanıb ki, son 10 ildə 24 mindən çox şəxs ad, soyad və ata adlarının dəyişdirilməsi üçün müraciət edib. Məlumat verilib ki, uşağa ad valideynlərin razılığı əsasında verilir. Hazırda uşaqlara daha çox dini adlar qoyulur. Azərbaycanda doğulan oğlan və qızlara ən çox Əli, Yusif, Zəhra və Zeynəb adları verilib. 2022-ci ilin ilk iki ayı ərzində oğlanlara Yusif, Əli, Uğur, Hüseyn, Məhəmməd, qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Fatimə və Aylin adları daha çox verilib. Adların qoyulmasına icazə verilməyən hallar qanunvericilikdə əksini tapıb. Brifinqdə Ədliyyə Nazirliyinin yeni doğulan uşaqlara qoyulan adlarla bağlı valideynlərə müraciəti də diqqətə çatdırılıb. Vurğulanıb ki, valideynlər övladlarına əcnəbi, mənasını bilmədikləri, səsləndirməkdə çətinlik çəkdikləri adları verməmələri mütəmadi tövsiyə olunur. Bununla da cəmiyyətə və övladının gələcəyinə təsir etmiş olduqları xüsusi vurğulanır. Qeyd edilib ki, qeydiyyat şöbələrinin ən vacib vəzifələrindən biri bununla bağlı maarifləndirmə işi aparmaqdır. Övladın gələcəyi, cəmiyyətdə qarşılanacağı ona verilən adlarla da əlaqədar olacaq. Canlı yayımda maraq doğuran digər məsələlər barədə də məlumat verilib, sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.