Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin Doğum Günü Ilə Əlaqədar Ədliyyə Akademiyasında Tədbir Keçirilib

2022-05-12

Müstəqil dövlətimizin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli tərəqqisində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. 

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında gənc ədliyyə işçiləri və könüllüləri ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” mövzusunda yığıncaq keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın müəllimi S.Məcidov qeyd edib ki, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə və tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış, onun əsasını qoyduğu dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Tədbirdə əsas məruzə ilə çıxış edən Akademiyanın rektor vəzifəsini icra edən E.Xələfov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Tədbirdə bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yoluna, zəngin dövlətçilik irsinə nəzər salınıb, milli özünüdərkin və vətənpərvərliyin gücləndirilməsində müstəsna xidmətləri xüsusilə qeyd olunub, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib. Dahi Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövlətinin Ümummilli Liderin siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti ilə uğurla inkişaf etdiyi qeyd olunub, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində torpaqlarımızın 30 illik erməni işğalından azad edilməklə Ulu Öndərin ən ümdə vəsiyyətinin şərəflə yerinə yetirilməsi xüsusilə vurğulanıb.

Keçirilən tədbirdə Azərbaycan ədliyyəsinin formalaşması və inkişafının Ulu Öndərin adı ilə bağlı olduğu, ədliyyə işçilərinin dahi rəhbərin yüksək ideyalarına daim sadiq qalaraq Vətənimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinə layiqli yardımçı olmaq üçün var qüvvələri ilə çalışmaq əzmində olduqları qeyd edilib. 

Tədbirdə ümumilli lider Heydər Əliyevə həsr edilmiş qısa videofilm izlənilib. Akademiyada kurslara cəlb edilmiş dinləyicilər üçün də “Ümumilli lider Heydər Əliyev və milli dövlət quruculuğu” mövzusunda mühazirələr oxunub.

 

            Ədliyyə Akademiyası