Xəbərlər

Ədliyyə İşçilərinin Xaçmaz Rayonuna Gəzinti-Istirahət Turu Təşkil Olunub

2022-07-06


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisi, əhalinin sosial rifahı naminə mütərəqqi islahatlar aparılır, müasir infrastruktur layihələri həyata keçirilir, insanların rahatlığı, asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi üçün hər cür şərait yaradılır.

Böyük Zəfər qazandığımız Vətən müharibəsində azad edilmiş doğma torpaqlarımız dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə yenidən dirçəldilərək Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir.

Bütün bunlar dövlətimizin siyasi, iqtisadi qüdrətini nümayiş etdirməklə həmçinin turizm potensialını artırır.

Yaradılan bu imkandan ədliyyə işçiləri də bəhrələnir, “Şuşa ili” çərçivəsində onlar mədəniyyət paytaxtımıza səfər edərək tarixi, mədəni və dini abidələrimizlə tanış olublar.

Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən əməkdaşların mənəvi-estetik dünyagörüşlərinin artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə daim qayğı ilə yanaşılır. Bu sahədə nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı yaxından iştirak edir, əmək, sosial-iqtisadi, həmçinin əməyin mühafizəsi haqqında qanunvericiliyə uyğun əməkdaşların mənafelərini qoruyur, onlara təşkilatın xətti ilə müxtəlif məsələlərdə köməklik göstərilir.

Yay mövsümü ilə əlaqədar ədliyyə işçilərinin bölgələrimizə növbəti gəzinti-istirahət turu təşkil olunub. Böyük bir qrup ədliyyə işçiləri Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının xətti ilə ölkəmizin əlverişli iqlimi və turizm imkanları ilə seçilən Xaçmaz rayonunda olublar.

Ədliyyə işçiləri Xaçmazda xalqımızın milli memarlıq ənənələrini özündə əks etdirən ən müasir üslubda tikilən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən maraqlı foto və eksponatlarla tanış olub, Ulu Öndərin zəngin irsi barədə bilgi alıblar.

Həmçinin açıq səma altında yaradılmış və Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin ucaldılmış abidə və büstlərindən ibarət Şəxsiyyətlər muzeyi ilə tanışlıq olub, xatirə şəkli çəkdirilib.

Səfər çərçivəsində əməkdaşlar üçün Xaçmazın Nabran qəsəbəsində istirahət proqramı təşkil edilib, bir-birindən maraqlı musiqili-əyləncəli, intellektual oyunlar keçirilib. Gəzinti-istirahət turu işçilərdə xoş ovqat və zəngin təəssürat yaradıb.