Xəbərlər

Bələdiyyələr üçün Seminar-Müşavirələr Keçirilib

2022-07-06


 

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən davamlı tədbirlər çərçivəsində cari ilin iyun ayında Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Şirvan, Bərdə, Şəmkir, Şəki, Göyçay və İmişli regional ədliyyə idarələrinin ərazi yurisdiksiyasına aid rayonlarda, həmçinin yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Ağdam və Fizuli rayonlarında fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə seminar-müşavirələr keçirilib.

Seminarlarda bələdiyyə nümayəndələri ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar, Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib, dövlət başçısının 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr diqqətə çatdırılıb, yerli özünüidarəetmədə korrupsiya risklərinin azaldılması məqsədilə aşkarlıq və ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək bu istiqamətdə tədbirlərin gücləndirilməsi, bələdiyyələrin fəaliyyətində İKT-lərin imkanlarından geniş istifadə edilməsi tövsiyə edilib.

Eyni zamanda bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılması üçün bələdiyyələrin əlaqələndirmə şuralarının internet səhifələrindən istifadənin artırılması, vətəndaş müraciətlərinə, xüsusilə şəhid ailələrinin, müharibə iştirakçılarının qayğılarına diqqət və həssaslıqla yanaşılması diqqətə çatdırılıb.

Tədbirlərdə torpaq və əmlak vergisi üzrə vergi obyektlərinin qeydiyyatının dəqiqləşdirilməsi işinin başa çatdırılması, habelə vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanması, vergilər üzrə debitor borcların yerli büdcəyə mədaxil olunması üçün ciddi tədbirlərin görülməsi, bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, yerli büdcənin icrası barədə yarımillik və illik hesabatlarının dəqiq, əhatəli hazırlanması ilə bağlı məsələlərə toxunulub, bu istiqamətlərdə qanunvericiliyin tələbləri ilə bağlı ətraflı izahlar verilib.

Həmçinin bələdiyyələrin idarəetmə xərclərinin maksimum azaldılması, icra aparatının səmərəli qurulması, yerli büdcə vəsaitlərinin daha çox yerli əhəmiyyətli məsələlərin həllinə, müxtəlif sosial layihələrin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı tövsiyələr verilib, bələdiyyələri narahat edən bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd olunan tədbirlərə bölgələrdə fəaliyyət göstərən 1000-dən çox bələdiyyə nümayəndələri qatılıblar.