Xəbərlər

Ədliyyə Akademiyasının rektoru beynəlxalq konfransda iştirak etmişdir

2022-09-30

 

Cari ilin sentyabrın 26-da Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Təkmilləşdirmə Mərkəzində “Hüquq kadrlarının davamlı peşəkar inkişafı sisteminin müasir və səmərəli mexanizmləri: milli və xarici təcrübə” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.Konfransın keçirilməsində məqsəd Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyasına, həmçinin xarici ölkələrin araşdırmalarına əsaslanaraq hüquqi kadrların davamlı peşəkar inkişafı sahəsində Özbəkistanda həyata keçirilən sistemli islahatları beynəlxalq ictimaiyyətə çatdırmaq, bu istiqamətdə təcrübə toplamaq, hüquqi kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma sisteminin daha da inkişaf etdirilməsini əsaslı şəkildə nəzərdən keçirmək və perspektivlərini müəyyən etməkdir.Tədbirdə ABŞ, Almaniya, Azərbaycan, Sloveniya, Yaponiyadan olan xarici ekspertlər, Özbəkistanın 50-yə yaxın nazirlik, idarə və təşkilatlarının, o cümlədən Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin və məhkəmə-hüquq sahəsinin milli qurumlarının nümayəndələri, respublikanın aparıcı alimləri, ali hüquqi təhsil müəsissələrindən professor və müəllimlər, doktorantlar və müstəqil tədqiqatçılar iştirak ediblər.Tədbir əsasən çıxışlar, müzakirələr, sərbəst fikir mübadiləsi, milli və xarici konfrans iştirakçılarının nəzəri və praktiki inkişaf təcrübəsi ilə tanışlıq formatında keçirilib.

 

Konfrans aşağıdakı istiqamətlər üzrə keçirilib:

 

• hüquq kadrlarının davamlı peşəkar inkişafı sistemi

• hüquq elminin və hüquq-mühafizə təcrübəsinin aktual məsələləri

• hüquq təhsilində yeniliklər: cari çağırışlar və yeni imkanlar

• hüquqi təcrübə və təhsilin rəqəmsal transformasiyası

• məhkəmələrin, prokurorların və ədliyyə orqanlarının fəaliyyətində cari məsələlər

• mülki, ailə, əmək, maliyyə və ekoloji hüquq sahəsində ictimai münasibətlərin hüquqi tənzimlənməsi məsələləri

• cinayət hüququ və kriminologiyanın nəzəri və praktiki problemləri

• korrupsiya ilə mübarizə problemləri

• beynəlxalq hüquq və insan hüquqları.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası hüquq kadrlarının hazırlanması üzrə çoxsahəli ali ixtisas təhsili müəssisəsi kimi” movzusunda məruzə ilə çıxış edərək bildirib ki, Akademiyanın xüsusi təyinatlı təhsil müəssisəsi kimi fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır. Akademiyanın fəaliyyətinə dair bəzi statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdıran Ş.Əliyev müasir İKT imkanlarından istifadə edərək təkcə 2021-ci il ərzində 287 qrup üzrə 6924 iştirakçı üçün əyani və onlayn şəkildə müxtəlif mövzularda kursların təşkil olunduğunu bildirmişdir.  Tədbirin yekunu olaraq, hüquq kadrlarının hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması sisteminin inkişafı, hüquq kadrlarının peşəkarlığının davamlı artırılması, habelə bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, əsaslı surətdə yenidən baxılması və gələcək inkişafı üçün tövsiyələr əsasında beynəlxalq elmi-praktik konfransın materialları toplusunun nəşri planlaşdırılır.