Xəbərlər

Ədliyyə Sahəsində İnnovasiyalar Təşviq Olunur

2022-10-17


 

Ədliyyə Sahəsində İnnovasiyalar Təşviq Olunur

 

Quba rayonunda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib.

60-a yaxın dövlət qurumunun informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə 70 nümayəndəsinin qatıldığı tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçiləri iştirak ediblər.

Tədbirdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər, bu sahədə mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri barədə məlumatlar verilib, faydalı fikir mübadiləsi aparılıb.

Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə ədliyyə orqanlarında vətəndaşlara göstərilən xidmətlərə əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə mobil tətbiqlərə diqqətin artırıldığını qeyd edib, bu məqsədlə yeni tətbiqlərin istifadəyə verildiyini vurğulayıb.

Nazirliyin nümayəndələri Qismət Qurbanov və Zaur Həsənov tərəfindən on minlərlə normativ hüquqi aktları özündə ehtiva edən və daim yenilənən “Hüquqi aktların vahid elektron bazası”nın (E-qanun.az) mobil versiyasının və 400.000-ə yaxın istifadəçisi olan “Mobil notariat” tətbiqinin mahiyyəti və əhəmiyyəti diqqətə çatdırılıb və funksional imkanları nümayiş etdirilib.

Ədliyyə sahəsində tətbiq olunan innovasiyalar maraqla qarşılanaraq iştirakçıların çoxsaylı sualları cavablandırılıb, təkliflər irəli sürülüb.

Tədbirdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ədliyyə Nazirliyi tərəfindən göstərilən mobil xidmətlərin ölkə üzrə ən çox tələbatlı olduğunu və istifadəçilər tərəfindən müsbət xarakterizə edildiyini bildirib.

İclasda həmçinin, rəqəmsal xidmətlərin tətbiqi və təşviqi, dövlət informasiya resurslarında kibertəhlükəsizlik, elektron xidmətlərin qiymətləndirilməsinə dair 2021-ci il üzrə hesabatın təqdim edilməsi ilə bağlı təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.