Xəbərlər

Tələbələr Ədliyyə Sahəsində İnnovasiyalar Barədə Məlumatlandırılıblar

2022-10-18


  

Oktyabrın 18-də Bakı Dövlət Universitetində ədliyyə sahəsində tətbiq olunan innovasiyalara dair təqdimat keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər və məsul şəxsləri, Hüquq fakültəsinin müəllim və tələbə heyəti, ədliyyə könüllüləri iştirak ediblər.

Müstəqilliyin Bərpası Gününə təsadüf edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, müstəqillik tariximizdən danışaraq demokratik-hüquqi dövlət quruculuğunu, ölkəmizin möhkəm təmələ əsaslanan uğurlarını, xüsusilə Vətən müharibəsində Böyük Qələbəmizi qeyd edib.

O, dövlətin hüquq siyasətini həyata keçirən Ədliyyə Nazirliyinin tarixi, fəaliyyəti, tətbiq olunan yeniliklər barədə tələbələrin məlumatlandırılması baxımından tədbirin əhəmiyyətini vurğulayaraq Nazirliklə Bakı Dövlət Universiteti arasında səmərəli əməkdaşlığı qeyd edib. Bildirib ki, universitet ədliyyə və digər hüquq mühafizə orqanları üçün hüquqşünas kadrların yetişdirilməsində önəmli baza rolunu oynayır.

Sonra nazirlik tərəfindən müasir texnologiyalar və rəqəmsal innovasiyalar tətbiq olunmaqla əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlər barədə məlumat verilib, “Mobil notariat”, “Elektron məhkəmə” informasiya sisteminin mahiyyəti və ictimai əhəmiyyəti tələbələrə aşılanıb, funksional imkanları nümayiş etdirilib.

Bildirilib ki, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin etmək məqsədilə tətbiq olunan və vətəndaş məmnunluğu doğuran bu innovasiyalar aidiyyəti əməliyyatların məsafədən daha asan, rahat və çevik həyata keçirilməsinə imkan yaradır.

Eyni zamanda, tələbələr üçün faydalı ola biləcək milli qanunvericiliyin e-qanun.az elektron bazası və onun mobil tətbiqinə dair təqdimat keçirilərək onun qəbul olunan yeni normativ aktların mətni ilə daha asan və rahatlıqla tanış olmağa imkan verdiyi diqqətə çatdırılıb.

Ədliyyə Nazirliyi tərəfindən tətbiq olunan yeniliklər barədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı tədbirlər davam etdirilir.