Xəbərlər

Ədliyyə Nazirliyi Antalyada keçirilmiş “17-ci Məhkəmə tibb ekspertizası günləri” adlı konfransda təmsil olunub

2022-10-19


  

Türkiyə Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası Qurumunun təşkilatçılığı ilə Antalya şəhərində “17-ci Məhkəmə tibb ekspertizası günləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Qardaş ölkənin ədliyyə və səhiyyə nazirliklərinin, məhkəmə və prokurorluq orqanlarının, xarici dövlətlərin və Türkiyənin məhkəmə ekspertizası idarələrinin rəhbər şəxslərinin qatıldığı tədbirdə ölkəmizin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsini icra edən Hüseyn Əlixanov və Keyfiyyət təminatı bölməsinin rəisi Cabir Ahmet iştirak ediblər.

Konfransın açılışında Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və digər rəsmi şəxslər çıxış ediblər. Tədbirdə məhkəmə ekspertizası xidmətinin keyfiyyətinin və qurumlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qabaqcıl təcrübələrin paylaşılması və s. aktual məsələlər müzakirə olunub, təqdimatlar keçirilib.

ABŞ, Şimali Kipr, Xorvatiya, Efiopiya və digər dövlətlərin təmsilçiləri məhkəmə ekspertizasının təşkili və aparılmasına dair öz təcrübələri ilə bölüşüblər.

Nümayəndə heyətimiz tərəfindən təqdimatlarla çıxış edilərək Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin hüquqi və təşkilatı məsələləri, qanunvericilikdəki yeniliklər, ekspert ixtisasları üzrə iş yükünün statistik təhlili, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, ekspert rəylərinin beynəlxalq miqyasda tanınması və ekspertiza növlərinin beynəlxalq standartlara uyğunluq sertifikatına layiq görülməsi ilə bağlı məlumatlar verilib.

Tədbirdə ekspertiza sahəsində elmi yanaşmaların və innovativ metodların tətbiqi, məhkəmə ekspertlərinin hazırlanması və ixtisasının artırılması məsələləri üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.