Xəbərlər

Ədliyyə Akademiyası “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirib

2022-11-17



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilib.
Aylıq çərçivəsində Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının təşkilatçılığı ilə yetkinlik yaşına çatmayan məhkumlar və Penitensiar Xidmətin aidiyyəti əməkdaşları üçün maarifləndirici təlimlər keçirilib.
Təlimlərdə uşaq hüquqları və onların əhəmiyyəti, bu sahədə beynəlxalq konvensiyaya, eləcə də işgəncə və digər formada qəddar rəftarın qadağan edilməsinə dair əsas beynəlxalq sənədlərə dair mövzularda çıxışlar edilib.
Yetkinlik yaşına çatmayan məhkumlarla həmçinin, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyinin nümayəndəsi tərəfindən “Yetkinlik yaşına çatmayanların məhkumluqdan sonrakı sosial adaptasiyası məsələsi” mövzusunda maarifləndirici söhbət aparılıb.
Söhbət zamanı yetkinlik yaşına çaymayanların cəmiyyətə reinteqrasiyası məsələsi, onların məhkumluqdan sonrakı iş imkanları, məişət zorakılığının qurbanı və əməklərinin istismar olunacağı təqdirdə atacaqları addımlar, nikah yaşı və s. mövzular müzakirə edilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.