Xəbərlər

Ədliyyə Akademiyası Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi ilə bağlı təlim keçirib

2022-11-18

      Ədliyyə Akademiyasının təşkilatçılığı ilə SABAH qrupları hüquqşünaslıq ixtisası tələbələri üçün Bakı Dövlət Universitetində maarifləndirici təlim keçirilib.
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində keçirilən təlim dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi ilə bağlı 16-cı Məqsədlərə həsr olunmuşdur.
SABAH qrupu hüquqşünaslıq ixtisasının 150-dək tələbəsinin iştirak etdiyi təlimdə Ədliyyə Akademiyasının müəllimləri və əməkdaşları tərəfindən qanunla münaqişədə olan uşaqların ədalət mühakiməsi, qadınların ədalət mühakiməsinə çatımlılığının təmin edilməsi mövzularında çıxışlar edilib.
Tələbələr yuvenal ədliyyənin anlayışı, tarixi, beynəlxalq hüquqi əsasları, dünya ölkələrinin və ölkəmizin təcrübəsi, ədalət mühakiməsinin anlayışı, qadınlara münasibətdə spesifikliyi, bərabər çatımlılıq və s. barədə məlumatlandırılıb.
Tədbir aktiv müzakirələr şəklində davam etdirilərək, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırılıb.