Xəbərlər

Azərbaycan və Özbəkistan arasında hüquqi əməkdaşlıq genişlənir

2022-12-16


Azərbaycan ilə Özbəkistan arasında hüquqi əlaqələrə mühüm əhəmiyyət verilərək bu sahədə iki ölkənin ədliyyə qurumları səmərəli əməkdaşlıq edirlər.

“ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda beynəlxalq Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov ilə dekabrın 16-da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Ölkələrimiz arasında tarixi köklərə malik əlaqələrimizin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən nazir F.Məmmədov dahi öndərin xatirəsinə dərin ehtiram əlaməti olaraq 2023-cü ilin Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasından bəhs edib, Ümummilli Liderin 1997-ci ildə Daşkəndə səfəri zamanı Özbəkistan və Azərbaycan Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq hüquqi əməkdaşlığımızın inkişafına təkan verildiyini xatırladıb.

Nazir Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsində ölkə prezidentləri cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin xüsusi rolunu, cari ildə ölkəmizin başçısının Özbəkistana dövlət və digər səfərlərini vurğulayıb, Vətən müharibəsində dost Özbəkistanın dəstəyini qeyd edib. Ötən il Daşkənd Hüquq Baharı Forumu çərçivəsində Ədliyyə nazirlikləri arasında imzalanmış yeni Əməkdaşlıq Proqramının uğurla həyata keçirildiyi bildirilib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq özünü doğma Vətənindəki kimi hiss etdiyini söyləyib, ikitərəfli münasibətlərimizin dövlət başçılarımızın liderliyi ilə inkişafını vurğulayıb. Bildirib ki, qardaş Azərbaycan xalqı ilə əlaqələrə daim xüsusi önəm verilir və mövcud sıx münasibətlərimiz Ədliyyə nazirlikləri arasında da qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkan yaradır.

Görüşdə hər iki dövlətdə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə müzakirələr aparılıb, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub. Nazir A.Taşkulov ölkəmizin bu sahədə nailiyyətlərinə maraq göstərərək təqdir edib, ölkəsində islahatlar aparılarkən Azərbaycan təcrübəsinin də öyrənildiyini vurğulayıb.

Söhbət zamanı Vətən müharibəsindən sonra dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı quruculuq işlərinə toxunularaq, torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının bərpa işlərinə ciddi mane olduğu, habelə çoxsaylı insanların həlak olmasına və xəsarət almasına səbəb olduğu, iki gün öncə daha 8 nəfərin mina partlayışından zərər çəkdiyi xüsusilə diqqətə çatdırılıb.

Özbəkistanlı nazir ölkəsinin müharibənin ilk günlərindən Azərbaycanın yanında olduğunu və haqlı mövqeyini dəstəklədiyini bildirib. Nazirlikdə Vətən müharibəsində Böyük Qələbəmizə və aparılan bərpa-quruculuq işlərinə həsr olunan Zəfər muzeyi, habelə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Həmin gün qonaqlar üçün nazirliyin innovativ fəaliyyətinə, o cümlədən elektron informasiya resurslarına və aparılan reyestrlərə, mobil ədliyyə xidmətlərinə dair geniş təqdimat təşkil olunub. Nazir A.Taşkulov rəqəmsal ədliyyə yeniliklərini maraqla qarşılayaraq təqdir edib, ölkəmizin bu sahədə təcrübəsindən yararlanmaq barədə niyyətini bildirib.