Xəbərlər

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Portuqaliyada təlim səfərində olub

2022-12-21


Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının icrası çərçivəsində özəl icra institutunun və “elektron icra” sisteminin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinə mühüm əhəmiyyət verilir.

Bu məqsədlə nazirliyin nümayəndə heyəti Avropa Şurasının və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” birgə proqramı çərçivəsində Portuqaliyada təlim səfərində olub.

Səfər çərçivəsində nümayəndə heyəti Solisitorlar və İcra Məmurları Birliyinin (OSAE) təşkilatçılığı ilə özəl icra məmuru ofislərində iş şəraiti, məhkəmə və digər orqanların qərarlarının real icrası prosesi və elektron icra sisteminin imkanları ilə yerində tanış olub, həmçinin ixtisaslaşdırılmış icra məhkəmələrinin fəaliyyəti ilə maraqlanıb.

OSAE-nin inzibati binasında birliyin rəhbər və məsul şəxsləri tərəfindən qurumun strukturu, sahə üzrə qanunvericilik bazası, icra məmurlarının statusu, səlahiyyətləri, işə qəbulu, intizam prosedurları, onların təlimlərə cəlb edilməsi prosesi, qərarların icrası təcrübəsi, tətbiq olunan informasiya texnologiyaları barədə ətraflı təqdimatlar nümayiş etdirilib, maraq doğuran suallar cavablandırılıb.

Nümayəndə heyəti tərəfindən həmçinin, Portuqaliya Respublikası Ədliyyə Nazirliyinin təminatında olan Ədliyyə Kompleksi ziyarət olunub, burada bir sıra ixtisaslaşdırılmış məhkəmələrin hakimləri, həmçinin nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri ilə görüşlər keçirilərək faydalı fikir və təcrübə mübadiləsi aparılıb.