Xəbərlər

Ədliyyə Akademiyasinda 20 Yanvar Faciəsinin Otuz Üçüncü İldönümü İlə Bağli Tədbir Keçirilib

2023-01-20

 

 

            Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 33 il ötür. Bununla əlaqədar 19 yanvar 2023-cü il tarixində Ədliyyə Akademiyasında tədbir keçirilib.

Tədbirdə ilk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın rektoru III dərəcəli dövlət ədliyyə müşaviri Şahin Əliyev geniş məruzə ilə çıxış edərək, ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirmiş, Sovet İttifaqı Kommunist partiyası rəhbərliyinin, xüsusilə, Qorbaçovun  apardığı qeyri-obyektiv, qərəzli siyasətindən söz açmışdır. Bildirmişdir ki,1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan xüsusi amansızlıqla qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Fövqəladə vəziyyət elan edildikdən sonra isə, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində və digər rayonlarda qətliam davam etmişdir. Bir çox taleyüklü məsələlərdə Azərbaycanın keçmiş rəhbərliyinin yarıtmaz siyasətindən, nəticədə respublikada kəskin hakimiyyət böhranı yarandığını və bütün bu əməllərin demokratiya və milli azadlıq uğrunda mübarizəni boğmaq məqsədi daşıdığını vurğulayıb. Bugunki gündə isə, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi, bu tarixi gün barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığını  qeyd edib.

Daha sonra Akademiyanin Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi kiçik ədliyyə müşaviri Səyyad Məcidov hadisəyə cinayət-hüquqi aspektdən yanaşaraq   bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş silahlı təcavüz və insanlıq əleyhinə olan cinayətdir. O qeyd edib ki, tarix boyu ağır sınaqlardan keçmiş Azərbaycan xalqına qarşı tarixin müəyyən mərhələlərində qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilib. Məhz, ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisəyə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini bildirib, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.

Daha sonra, 20 Yanvar hadisələrinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.

Tədbirdə Ədliyyə Akademiyasının əməkdaşları və hakimliyə namizədlər  iştirak ediblər.

 

Həmçinin, Akademiyanın əməkdaşları 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.