Xəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib

2020-02-25

Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.Faciənin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda anma mərasimləri keçirilərək soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilib, erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib.

 

Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir

2020-02-18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir. Hazırda imtahanlarda uğur qazanmış 44 nəfər namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında təşkil edilən tədris kursuna cəlb olunub. Bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə tutulur.

 

Könüllülər Ədliyyə Akademiyasında pulsuz hüquqi yardım fəaliyyətinə cəlb edilirlər

2020-02-05

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən gənclərin könüllü fəaliyyətə geniş təşviq olunması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir.
Ədliyyə sahəsində könüllü fəaliyyət çərçivəsində hüquq fakültələrinin 40 könüllü tələbəsi seçilərək bu günlərdə nazirliyin Ədliyyə Akademiyasında əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi işinə cəlb edilib və onlarda praktiki vərdişlərin aşılanması üçün Vəkillər Kollegiyasının üzvü olan təcrübəli vəkillərin iştirakı ilə təlimlərin keçirilməsinə başlanılıb.

 

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında spiker hakimlər üçün təlim keçirilib

2020-01-31

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlər davam etdirilir. Bu müstəvidə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilib, Məhkəmə-Hüquq Şurasının qərarı ilə məhkəmələrdə media ilə işləyəcək spiker-hakimlər ayrılıb, eləcə də, Şuranın özündə məsul şəxs müəyyən edilib, onların siyahısı Şuranın saytında yerləşdirilib. Çoxsaylı KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə görüş təşkil olunaraq spiker-hakimlər KİV təmsilçilərinə təqdim olunub, habelə hakimlər və jurnalistlər üçün təlim və seminarlar təşkil edilib.

 

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərlə tədris kursları başlanıb

2020-01-31

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları daim diqqət mərkəzində saxlanılaraq onların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir. Məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna əhəmiyyət kəsb edən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanla bu sahədə qarşıda mühüm vəzifələr qoyulub, habelə hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatları 200 vahid artırılıb, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.